Azərbaycanın turizm imkanları “FITUR” sərgisində
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İspaniyanın Madrid şəhərində keçirilən ənənəvi “FITUR” (Feria Internacional de Turismo) turizm sərgisində nümayiş etdirilir. Yanvarın 24-də başlayan sərgiyə ölkəmizdən dörd turizm şirkəti də qatılıb.
Agentlikdən bildirilib ki, ispandilli ölkələr üzrə nüfuzlu turizm tədbirlərindən sayılan sərgidə Avropanın bir sıra ölkələrindən, həmçinin Latın Amerikasından olan turoperatorlar və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir.
Görüşlər çərçivəsində Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, şərabçılıq, qolf, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Dünya İrs Siyahısına ötən il daxil olmuş “Xınalıq və Köç Yolu” mədəni landşaftı, o cümlədən işgüzar turizm imkanları haqqında geniş məlumat təqdim olunur.
Sərgidə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən birinə – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi də diqqət mərkəzindədir.
Milli stendimizi Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da ziyarət edib.
Yanvarın 28-dək davam edəcək sərgidə 152 ölkədən 9 mindən çox şirkət iştirak edir.