Musiqili Teatrda premyera

 

Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında türkiyəli yazıçı-dramaturq Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanmış “Qadınım” tamaşasının premyerası olub.

Səhnə əsəri musiqili lirik-psixoloji melodram janrında təqdim edilib. Süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sonadək mübarizə aparması dayanıb.

Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşada əsas rolları Əmrah Dadaşov və Gültac Əlili canlandırıblar. Tamaşada teatrın xor və balet artistləri də iştirak ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Quruluşçu rəssam Vüsal Rəhim, xormeyster Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya, videogörüntüləri isə Murad Həsənova aiddir.