Yanvarın 26-da Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) “Heydər Əliyev İli”nin yekunları və fəal üzvlərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirildi.

Qonaqları salamlayan AMKA-nın prezidenti Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov qurumun ötənilki fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, AMKA tərəfindən 2023-cü ildə ölkəmizdə və xaricdə bir çox tədbirlər, layihələr həyata keçirilib.

Assosiasiyanın üzvlərindən ibarət milli kulinariya komanda Tatarıstanda (RF) keçirilən Dünya Halal Çempionatında iştirak edib. 15 komandanın qatıldığı çempionat çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Qarabağ” adlı milli mətbəx günləri təşkil olunub. Milli mətbəx günlərinə görə Azərbaycan komandası qızıl medala layiq görülüb. Komanda çempionatın gümüş medallını qazanıb. Komanda üzrə və fərdi yarışlar üzrə Azərbaycan təmsilçiləri ümumilikdə 13 qızıl, 12 gümüş və 1 bürünc medal əldə edib.

T.Əmiraslanov AMKA-nın 2024-cü il üçün planlarından da danışdı. Bildirdi ki, il ərzində bir sıra xarici ölkələrdə tədbirlərin keçirilməsi, gənclər festivalının təşkili, “İrəvan xanlığının bölgə mətbəxi” kitabının yenidən nəşri və rus, ingilis dillərinə tərcüməsi, Gəncə, Bakı, Göyçay, Şamaxı və Lənkəran mətbəxlərinə aid kitabların çap edilməsi nəzərdə tutulub. Bundan əlavə, Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (WACS) Sinqapurda keçiriləcək konqresində iştirak planlaşdırılır.

Tədbirin sonunda AMKA-nın diplomları təqdim edildi.

Nurəddin