ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə çap olunmuş “Azərbaycan” qəzetinin (1918 – 1920) tam külliyyatının nəşri davam etdirilir.

20 cilddə nəzərdə tutulan toplunun VII cildi işıq üzü görüb. Bu cilddə qəzetin 1919-cu ilin aprel ayı üzrə nüsxələri – 148-169-cu nömrələri (2-30 aprel) yer alıb.

Nəşrin bu cildində də qeyd olunan dövrdə “Azərbaycan” qəzetində ölkəmizin ictimai-siyasi və mədəni gündəmi, eləcə də beynəlxalq aləmdə baş verən hadisələr geniş işıqlandırılıb.

Qəzetin 2 aprel tarixli sayında erməni daşnakların 1918-ci ilin mart qırğınları zamanı azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün Cümhuriyyət Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komitəsinin müraciəti dərc olunub. Müraciətdə deyilir ki, komissiya tərəfindən erməni daşnakların Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər təhqiq edilib. Bəlli olub ki, Şamaxı şəhəri və onun kəndlərindən xarabazarlıq qalıb. Bu xarabalıqda həmçinin 800 il əvvəl inşa olunmuş məscidin viran edilmiş minarələri görünür. Şəhərdə qırğından qurtarmış 15 min insan yaxın-uzaq ərazilərə pənah aparıb. Özlərini “bolşevik” adlandıran quldur dəstələrdən canını xilas edən və Türk İslam Ordusunun əraziləri düşməndən təmizləməsindən sonra doğma yurdlarına qayıdan minlərlə sakin öz ocaqlarını yandırılmış, mallarını talan edilmiş, mal-qaralarını sürülmüş görüblər. “Öylə kəndlər vardır ki, orada nə bir inək və nə də bir cücə yoxdur. Əhali pərişan bir halda, əli qoltuğunda gəzir. Soyuqdan, aclıqdan gündə onlarla adam ölür. Bu da şübhə xaricindədir ki, millət tərəqqi və təalisinə [ucalmasına] və camaat işlərinin islahına çalışmağa əzm etmiş olan hökumət Şamaxı fəlakətzədələrini yaddan çıxarmayacaqdır... Onlar da, yəni camaat da beqədri-qüvvə [gücləri çatdığı qədər] bu bədbəxt, bu fəlakətzədələrə müavinət əlini uzatmalıdır. Vətəndaş müsəlmanlar! Məhv olan Şirvan xilas ediniz!” – deyə müraciətdə qeyd olunur.

Xatırladaq ki, qəzetin mətnlərini əski əlifbadan (ərəb qrafikalı Azərbaycan əlifbası) filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya ediblər.