Agentliyin Naxçıvan Regional İdarəsi yaradılacaq

 

Medianın İnkişafı Agentliyinin (MEDİA) Prezident İlham Əliyevin 2024-cü il 24 yanvar tarixli Sərəncamı ilə tərkibi təsdiq edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib.

Agentlikdən bildirilib ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, şuranın üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və agentliyin icraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

Dağbəyi İsmayılov iclası açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etdirilir. Yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də bu sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır.

İclasda MEDİA-nın 2023-cü ildəki fəaliyyətinə dair illik hesabat təqdim edilib və qəbul olunub. Görülən işlər, həmçinin islahatların gələcək mərhələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra agentliyin nizamnaməsinə uyğun olaraq, icraçı direktorun təqdimatı əsasında şöbə müdiri Natiq Məmmədlinin icraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səsverməyə çıxarılıb və təsdiqlənib.

Bununla yanaşı, Müşahidə Şurası tərəfindən MEDİA-nın strukturu təsdiq olunub və agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edilib.