Azərbaycan Dövlət Pedaqoji Universitetində Özbəkistanın tanınmış şairi, "Şöhrət" ordenli, "Kitab dünyası" qəzetinin baş redaktoru şair-publisist Xasiyyət Rüstəmlə görüş keçirilib.
ADPU-dan bildirilib ki, tədbirdə çıxış edən ali məktəbin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərindən danışıb. Prorektor müəllifin ölkəmizdə çap olunmuş kitablarının, Azərbaycanla bağlı olan yaradıcılıq nümunələrinin geniş elmi ictimaiyyət tərəfindən araşdırılmasının və elmi qiymət verilməsinin vacibliyini qeyd edib.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusu üçün doğma olduğunu, onun yaradıcılığında Qarabağ mövzusunun xüsusi əhəmiyyət daşıdığını, ədəbi əlaqələrimizdə xidmətlərinin önəmini vurğulayıb.
Şair Xasiyyət Rüstəm universitetin professor-müəllim heyətinin suallarını cavablandırıb.
Görüşdə ədəbi əlaqələrin inkişafı istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar Xasiyyət Rüstəmin rəhbərliyi ilə nəşr olunan "Kitab dünyası" qəzetinin hər sayında Azərbaycan yazarlarının yaradıcılıq nümunələrinin çap olunduğunu, onun yaradıcılıq fəaliyyətinin ölkəmizlə bağlı olduğunu vurğulayıb.
Tədbirin sonunda professor Mahirə Hüseynovaya, şair Əkbər Qoşalıya və fakültə dekanı Könül Həsənovaya "Kitab dünyası" qəzetinin fəxri diplomları təqdim olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.