Yanvarın 29-da Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil olunan tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri iştirak ediblər.
Əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin moderatoru, BBMM-nin icraçı direktoru Rəvan Həsənov dəyirmi masanı giriş sözü ilə açaraq Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Azərbaycan xalqının da soyqırımıdan əziyyət çəkdiyini xatırladan icraçı direktor vurğulayıb ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq.
İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən R.Həsənov din və azadlıq amillərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb.
O, Azərbaycanda güclü yəhudi irsinin mövcud olduğunu, ölkəmizdə yəhudilərin sərbəst və müstəqil şəkildə yaşadıqlarını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçiblər. R.Həsənov diqqətə çatdırıb ki, tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq və gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.
İsrailin ölkəmizdəki səfiri Corc Dik vurğulayıb ki, Azərbaycan multikulturalizm siyasəti ilə bütün dünyaya nümunə göstərir. Ölkəmizin hər zaman dinc yanaşı yaşayışın tərəfdarı olduğunu bildirən diplomat Holokost qurbanlarının xatirəsinin anılmasına görə Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib. Vurğulayıb ki, bu tədbirin təşkili Azərbaycanda tolerantlığa necə böyük önəmin verilməsinin göstəricisidir.
C.Dik azərbaycanlıların İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşduqlarını, alman faşizminə qarşı mübarizə apardıqlarını qeyd edib.
“Çox təəssüf ki, yəhudilərə hələ də nifrət hissi bəsləyirlər. Bunu Fələstinin HƏMAS hərəkatının xalqımıza qarşı törətdikləri hadisələr də təsdiqləyir. Bu hərəkatın üzvləri insanları qətlə yetirir, uşaqlara, qadınlara işgəncələr verirlər. Bu qanlı cinayətin qarşısının alınması istiqamətdə İsrail dövləti lazımi addımları atır. Eyni zamanda, dövlətimiz islamofobiya ilə mübarizəni də dəstəkləyir”, - deyə səfir diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, biz bəşəriyyət olaraq Holokostdan dərs almamışıq. Əgər bəşəriyyət Holokostdan nəticə çıxarsaydı, Yuqoslaviyada Srebrenitsa qətliamı, Azərbaycanda Xocalı soyqırımı törədilməzdi. Beynəlxalq hüquq antisemitizmin, islamofobiyanın qarşısını almaqda acizdir.
G.İsmayılov etnik təmizləmələri, soyqırımı kimi hadisələrin baş verməsini ədalətsizliyin, ikili standartların nəticəsi kimi qiymətləndirib.
“Azərbaycan xalqı da ikili standartlardan əziyyət çəkir. XXI əsrdə yaşamağımıza baxmayaraq, Xocalı faciəsinin törədilməsi ancaq təəssüf hissi doğurur. Qətliamlara, etnik təmizləmələrə o vaxt son qoyulacaq ki, ədalət bərpa ediləcək, haqq-ədalət insanlara münasibətdə başlıca amil olacaq”, - deyə komitə rəsmisi vurğulayıb.
Azərbaycanın da soyqırımından əziyyət çəkən xalqlardan biri olduğunu xatırladan Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev haqq-ədalətin sonda zəfər çaldığını, ölkəmizin 30 ilə yaxın davam edən işğala son qoyduğunu deyib.
Holokostun insanlıq tarixində qatı cinayətlərdən biri olduğunu xatırladan M.Yevdayev bu qətliamda 6 milyon deyil, 12 milyon yəhudinin məhv ediləcəyinin planlaşdırıldığını diqqətə çatdırıb.
Kinin, ədavətin çoxaldığını, ikili standartların hələ də davam etdiyini bildirən icma rəhbəri deyib: “Maraqlıdır, Avropada indi nələr baş verir? Azərbaycan suverenliyini tam bərpa edəndən sonra ölkəyə qarşı təzyiqlər güclənib. Çox güman ki, onlar Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəmirlər”.
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimr Fekete Holokostun bəşəriyyət üçün çox dəhşətli hadisələrdən biri olduğunu və tarix boyu ürəkağrısı ilə xatırlanacağını qeyd edib. Bildirib ki, qətliama, soyqırıma bəraət yoxdur.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Milli Məclisin deputatı Anatoliy Rafailov, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, BBMM-in müşaviri Aytən Qəhrəman və digərləri soyqırımların, qətliamların insanlığa zidd hərəkətlər olduğunu, bunun nə din, nə də hüquq çərçivəsinə sığışdığını diqqətə çatdırıblar.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.
Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb ki, onlardan 1,5 milyonu uşaqlardır.