Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə reallaşdırılan “Məktəblilər “Ədibin Evi”ndə” layihəsi çərçivəsində ilk görüş keçirilib.
Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, “Müstəqilliyə aparan yol” mövzusunda müzakirələr aparıblar.
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər, çətin mübarizələrdən sonra qazanılan müstəqillik, müstəqilliyin bərpası uğrunda ayağa qalxan Azərbaycan xalqının dünyaya nümunə olan mübarizə əzmi, həmin tarixi dövrün reallıqları, baş verən hadisələr barədə şagirdlərə məlumat verib. Ş.Mehrəliyeva 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışıb. Ş.Mehrəliyeva şagirdlərə müstəqillik tariximizi əks etdirən ədəbi nümunələr barədə məlumat verib, onların tərbiyəvi mahiyyətindən, vətənpərvərlik hisslərinin aşılanmasındakı önəmindən söz açıb.
Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsindən, ədəbiyyata marağın artırılmasından, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.