Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi davam edir. Layihə çərçivəsində incəsənət ustaları və yazarlarla tamaşaçıların, oxucuların görüşləri təşkil olunur.

Mərdəkan Mədəniyyət Sarayında layihə çərçivəsində tanınmış müğənni, Xalq artisti Eyyub Yaqubovla görüş keçirilib.

Aparıcı tədbiri açıq elan etdikdən sonra tamaşaçıların alqışları ilə müğənni səhnəyə dəvət olunub. Sənətkarın həyat və fəaliyyəti haqqında məlumat verilib, yaradıcılıq uğurlarından söhbət açılıb.

Eyyub Yaqubov “Mənə dəniz verin”, “Əzizim”, “Bakı” kimi sevilən mahnıları ilə tamaşaçıların könlünü oxşayıb.

Görüş “Səma” rəqs kollektivinin müşayiətində Xalq artistinin ifasında “Azəri torpağı” mahnısı ilə başa çatıb.

***

Layihə üzrə daha bir görüş Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində (Maştağa qəsəbəsi) gerçəkləşib. Əməkdar artist, tanınmış aktrisa və televiziya aparıcısı Dilarə Əliyeva sənətsevərlərin qonağı olub.

Aktrisanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Dilarə Əliyeva tamaşa və filmlərdə canlandırdığı obrazlardan, televiziya layihələrindən danışıb. Aktrisanın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Sonda Dilarə Əliyeva tamaşaçıların suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirilib.