AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 100” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının muxtar respublika tarixində əlamətdar hadisə olduğunu söyləyib, Naxçıvanın ölkəmizin tarixində, eləcə də ictimai-siyasi, elmi-mədəni həyatında rolunu diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: muxtariyyətdən respublikaya” mövzusunda məruzəsində zərurətdən doğan muxtariyyət statusunun verilmə səbəblərindən, tarixi önəmindən söz açıb. Ulu Öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini diqqətə çatdıran bölmə sədri bildirib ki, bu status Naxçıvana Moskva və Qars beynəlxalq müqavilələri, 1921-ci ilin dekabrında keçirilən referendum ilə verilib.

Məruzədə 1917-ci ilin Fevral burjua demokratik inqilabından sonra Cənubi Qafqazda formalaşdırılan mülki hakimiyyət strukturundan, həmin dövrdə Rusiya, İngiltərə və ABŞ kimi dövlətlərin bölgəyə müdaxiləsindən, onların geosiyasi planlarında Naxçıvanın önəmindən, ermənipərəst məqsədlərindən bəhs olunub. Havadarlarının dəstəyi ilə Azərbaycan əraziləri hesabına “torpaqlarını” genişləndirməyə çalışan ermənilərin ərazi iddialarının əsassız olduğu xronoloji ardıcıllıqla tarixi faktlar əsasında şərh edilib.

Akademik məruzəsində muxtariyyətin növləri barədə məlumat verib, habelə bu statusun Naxçıvana nə üçün lazım olması faktını əhatəli şərh edib. N.Nərimanov və B.Şahtaxtinskinin fəaliyyətlərində Zəngəzur və Naxçıvan məsələsindən danışan alim həmin dövrün mühüm tarixi hadisələrini geniş təsvir edib. Moskva və Qars müqavilələrinə əsasən bölgənin fiziki xəritələri əsasında Naxçıvandan qoparılaraq ermənilərə verilmiş ərazilərdən, ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı canfəşanlığından danışıb.

İsmayıl Hacıyev bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə imzaladığı Sərəncam muxtar respublika üçün xüsusi tarixi əhəmiyyət kəsb edir.

Akademik daha sonra konfrans iştirakçılarının suallarını cavablandırıb.

Konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış edib.

Müzakirələrdən sonra konfransa yekun vurulub.