AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Qaşqay folklor örnəkləri” kitabının I cildi nəşr olunub.

Qeyd edək ki, indiyədək Qaşqay türklərinin folkloru ölkəmizdə geniş şəkildə öyrənilməmiş, bu zəngin mənəvi irs haqqında yalnız pərakəndə şəkildə araşdırmalar aparılmışdı. Bu sahədə ilk sistemli iş olan kitabda İranın cənub və orta bölgələrində yaşayan Qaşqay türklərindən toplanmış müxtəlif folklor örnəkləri yer alıb. Qaşqay etnoqrafiyası, folklor mədəniyyətinin orijinal şəkildə oxunması üçün təkmilləşdirilmiş sözlük də təqdim edilib.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 316 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçi və ön söz müəllifi filologiya elmləri doktoru, dosent Mətanət Maşallahqızı (Abbasova), mətnləri transliterasiya edənlər filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, İlahə Qurbanova və Səbuhi Bədəlov, redaktoru isə Lalə Bədirovadır.