Xalq təqviminə görə, yanvarın 31-dən Azərbaycanda Kiçik çillə başlayıb. Kiçik çillə fevralın 19-dək davam edəcək. Fevralın 20-dən martın 20-dək isə Boz ay olacaq.

İnanca görə, iyirmi gün davam etməsinə, yəni ömrünün az olmasına baxmayaraq, Kiçik çillə günlərində hava daha sərt, şaxtalı, boranlı-qarlı olur. Məhz elə buna görə də Kiçik çilləyə xalq arasında “qışın oğlan çağı” da deyilir.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev bildirir ki, xalq arasında çillələr və Boz ayla bağlı bir sıra rəvayətlər mövcuddur. Onlardan birində deyilir ki, Böyük çillə 40 günlük dövranını sürüb gedir. Yolda Kiçik çillə ilə rastlaşır. Kiçik çillə ondan soruşur:

– Bu qırx gündə nə gördün, neylədin?

Böyük çillə deyir:

– Mən dolu qazanlar üstə gəlmişdim. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.

Kiçik çillə istehza ilə gülüb cavab verir:

– Eh, sən heç nə eləməmisən ki. Mən gör indi nələr eləyəcəyəm, nə tufan qoparacağam. Qazanları ağzı üstə çevirəcəyəm, qarıları təndirin ağzından salıb külfədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, bütün azuqələri tükəndirib, gedəcəyəm.

Onun coşduğunu görən Böyük çillə deyir:

– Çox da öyünmə. Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç nə edə bilməzsən. Çünki qabağın yazdır, ömrün də azdır.

Bu zaman Boz ay onlara deyir:

– Siz məni uzaqda görmüsünüz, hə, “asaram-kəsərəm” deyirsiniz. Görün mən gedib nələr eləyəcəyəm. Buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları, ağacları cücərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam, kürsüləri sökdürəcəyəm.

Böyük çillədə olduğu kimi, Kiçik çillədə də bayram keçirilir. Ona el arasında “Xıdır” və yaxud “Xıdır Nəbi” bayramı deyilir. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü, Novruz bayramından altı həftə qabaq qeyd edilir. Yəni insanlar Kiçik çillənin yarı olduğuna sevindikləri üçün bir sıra ayinlər icra edirlər.

Xalq düşüncəsinə görə, Xıdır Nəbi bərəkət rəmzidir. Ona görə də evlərdə buğda qovrulur, üyüdülüb qovut hazırlanır. Həmin gün süfrələrə cürbəcür çərəzlər qoyulur.

F.Yunisli