Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – RİMM) İkinci Dünya müharibəsində Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin blokadadan çıxmasının 80 illiyinə həsr olunmuş sənədli filmlər nümayiş olunub.
Leninqradın alman faşist qoşunları tərəfindən mühasirəsi 1941-ci ilin 8 sentyabrından 1944-cü ilin 27 yanvarınadək davam edib.
“Ladoqa” və “Klooqa – ölüm düşərgəsi” sənədli filmləri Sankt-Peterburq Xarici Əlaqələr Komitəsi tərəfindən təqdim edilib.
RİMM-dən bildirilib ki, “Ladoqa” filmi “Həyat yolu”ndan (Leninqradın blokadası zamanı Ladoqa gölündən keçən yeganə nəqliyyat marşrutu) və 1942-ci il oktyabrın 22-də Suxo adası yaxınlığında baş verən döyüşdən bəhs edir.
“Klooqa – ölüm düşərgəsi” filmi isə Tallinin 36 kilometrliyində yerləşən eyniadlı qəsəbədəki toplama düşərgəsində faşistlərin törətdikləri vəhşiliklər haqqındadır. Bu ekran əsərində yer alan kadrlar faşist liderlərinin mühakimə olunduğu Nürnberq prosesində (1946) ittiham sənədləri qismində istifadə edilib.
Sovet qoşunları Leninqradın blokadasını 1943-cü ilin yanvarında qismən, 1944-cü il yanvarın 27-də isə tamamilə yara biliblər. 872 gün sürən blokada zamanı şəhərdə 600 mindən çox insan aclıq, soyuq və xəstəlikdən ölmüşdü.