Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 3 və 6 nömrəli kitabxana filialları ilə birgə görkəmli ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruculuğu yolunda böyük xidmətlər göstərib. O, siyasi fəaliyyətlə yanaşı, dövri nəşrlərdə publisistik yazılarla mütəmadi çıxış edib, ədəbi-tənqidi araşdırmalar aparıb, Azərbaycan elmi-ictimai fikrinin inkişafına öz töhfəsini verib.

Tədbirdə həmçinin M.Ə.Rəsulzadənin çoxcəhətli fəaliyyətini əks etdirən kitab sərgisi də təqdim olunub.