Görkəmli balerina, pedaqoq, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın (1927–1999) ömür və sənət yoluna həsr olunmuş “Vəkilova” adlı sənədli film çəkilib.

Yanvarın 29-da Nizami Kino Mərkəzində ekran əsərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) məsul əməkdaşları, kino xadimləri, digər qonaqlar iştirak ediblər.

ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu rəqs sənətimizin görkəmli nümayəndəsi haqqında filmin əhəmiyyətindən danışıb. O digər sənət fədailəri haqqında da filmlərin lentə alınacağını diqqətə çatdırıb.

Filmin ssenari müəllifi və rejissoru tanınmış balet ustası, Əməkdar artist Samir Səmədov, ekran əsərinin prodüseri isə Gülnarə Lütfəliqızıdır.

İki ay ərzində ərsəyə gələn ekran işi Azərbaycan dilindən savayı ingilis və rus dillərində də səsləndirilib. Filmdə Leyla Vəkilovaya aid arxiv materiallarından istifadə olunub.

Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova 29 yanvar 1927-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet truppasının aparıcı solisti olub. A.Adanın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fontanı”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə əsas partiyaları ifa edib. Bir müddət Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib. Həmçinin Bakı Xoreoqrafiya Məktəbinin (indiki BXA) bədii rəhbəri olub.

Azərbaycan baletinin ulduzlarından olan sənətkar 1999-cu il fevralın 20-də vəfat edib.

Nurəddin