Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar, Xalq artisti, Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundovanın (1924-2013) 100 illik yubileyinə həsr olunmuş “Musiqidə yaşanan ömür” adlı tədbir keçirilib.
Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, bəstəkarın yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirildikdən sonra Şəfiqə Axundovanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlarda bildirilib ki, Şəfiqə Axundovanın adı Azərbaycan musiqi mədəniyyəti tarixinə novator sənətkar kimi yazılıb. Bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğurlu əsərlər yaradıb. O, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova kimi görkəmli sənətkarların repertuarında əsas yer tutub. Bu gün də bəstəkarın nəğmələri müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur.
Qeyd edilib ki, görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən daima yüksək qiymətləndirilib.
Sonra tədbir Şəfiqə Axundovanın mahnılarından ibarət konsert proqramı ilə davam edib.