Yanvarın 31-də görkəmli satirik şair, publisist Səməd Mənsurun (1879 –1927) anadan olmasının 145 illiyi və Əməkdar incəsənət xadimi, alovlu şair Əli Tudənin (1924 –1996) 100 illiyi tamam oldu.  Milli Kitabxanada hər iki yubiley münasibətilə kitab sərgiləri təşkil edilib.

Kitabxanadan bildirilib ki, XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən sayılan Səməd Mənsur özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi ilə tanınan sənətkarlardan olub. O, istedadlı şair, həvəskar aktyor, bacarıqlı tərcüməçi, ictimai xadim kimi fəaliyyət göstərib, milli mədəniyyətin inkişafı yolunda aramsız çalışıb. Lirik və satirik əsərləri, bədii publisistikası onun ictimai, fəlsəfi görüşlərinin ifadəsi, mənalı, məzmunlu həyatının ədəbi səhifələridir.

Səməd Mənsurun yaradıcılığı onun şəxsiyyəti ilə sıx bağlı idi. İctimai gerçəkliyə ədəbi münasibəti şairin həyatdakı mövqeyindən fərqlənmirdi. O, əsərlərində də, həyatda da həqiqət tərəfdarı kimi çıxış edib.

Əli Tudə Cənubi Azərbaycan Demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər, şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edib. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən “Tudə”, yəni Xalq təxəllüsü verilib. Milli hökumət onu ali mükafat “21 Azər” medalı ilə təltif edib.

Sərgidə görkəmli şairlərin əsərləri, həyat və yaradıcılığından bəhs edən, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayış olunur.

Sərgilər 1 həftə davam edəcək.