Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə “Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti və fəlsəfi-siyasi görüşləri” mövzusunda elmi seminar keçirilib.
Tədbir görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) anadan olmasının 140 illiyinə həsr edilib.
Əvvəlcə Rəsulzadə haqqında bioqrafik məlumat verilib, həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, M.Ə.Rəsulzadənin çoxşaxəli irsi Azərbaycanın ictimai fikir tarixində böyük rol oynayır, dərindən öyrənilməsi və təbliği davam etdirilməlidir.
Kafedranın müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski seminarı açaraq dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirən Azərbaycan Universitetində görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin həyat və fəaliyyətinə həsr olunan tədbirlərin ənənəvi xarakter aldığını diqqətə çatdırıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərovun “ХХ əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda məruzəsi, Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev və kafedranın dosenti Qurban Məmmədovun elmi seminarın mövzusu ilə bağlı çıxışları dinlənilib.
Məruzə və çıxışlardan sonra İstiqlal Bəyannaməsinin qəbulu, 1918-ci ilin may ayında qurulan Müsəlman Şərqinin ilk Cümhuriyyətinə “Azərbaycan” adının verilməsi, M.Ə.Rəsulzadənin alman faşizminə münasibəti, sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı aparılan antimilli təbliğat və s. mövzular ətrafında fikir mübadiləsi olub.