Şəkili gənc şəbəkə ustası Vüqar Rəsulzadə yeddi ilə yaxındır ABAD-la (“Ailə Biznesinə Asan Dəstək” publik hüquqi şəxsi) əməkdaşlıq edir. O, sənətkarlar diyarı Şəkinin ilk “ABAD”çılarındandır. Azərbaycanın tanınmış şəbəkə ustalarının nəslində dünyaya gələn Vüqar uşaq yaşlarından bu qədim el sənətinə böyük maraq göstərib. O, babası Əşrəf Rəsulovun, atası Tofiq ustanın sənət yolunu uğurla davam etdirərək şəbəkə sənətinin sirlərinə dərindən yiyələnib.
Şəkinin tarixi məkanlarından olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində ailəsinə məxsus emalatxanada fəaliyyət göstərən Vüqarın hazırladığı şəbəkə nümunələri, kiçikölçülü suvenirlər Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən maraqla qarşılanır. Hazırda emalatxanada Dövlət Turizm Agentliyi tərəfindən bərpa işləri aparıldığından sənətkar öz əl işlərinin satışını açıq havada həyata keçirir.
Şəbəkə ustası suvenirləri ABAD-ın sifarişi əsasında təklif edilən forma və dizaynda hazırlayır. Şəbəkə sənətinin incəliklərini turistlərə izah etmək üçün suvenirləri onların yanında söküb-yığır.
Usta deyir ki, yay aylarında Şəkiyə gələn turistlərin sayı artdığından satış da yaxşı olur. Amma qış aylarında turistlərin sayı xeyli azaldığı üçün vəziyyət nəticə də dəyişilir. Onun sözlərinə görə, ABAD-la əməkdaşlıq ailə büdcəsinin formalaşmasına müsbət təsir göstərir. Turistlərə təqdim etdiyi kiçikölçülü suvenir-şəbəkələrin qiyməti 25 manatdan başlayır. Dizayn və formasından asılı olaraq qiymətlər dəyişir. Kiçik suvenirlər iki-üç günə hazırlanır. Nisbətən böyük suvenirlərin üzərində bir neçə həftə işləmək lazımdır.
Gənc olmasına baxmayaraq, Vüqar Rəsulzadə şəbəkə sənətində bir çox uğurlara imza atıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan usta dəfələrlə Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, həmçinin ABAD tərəfindən keçirilən respublika və beynəlxalq səviyyəli sərgilərdə, tədbirlərdə iştirak edib, diplomlarla təltif olunub.