Əqli Mülkiyyət Agentliyi bütün fəaliyyət istiqamətlərində şəffaflığı və əlçatanlığı əsas prioritet hesab edərək bu sahədə zamanın çağırışlarına uyğun yeni-yeni addımlar atır. Bu addımlardan biri “Açıq reyestrlər”dir. Bəs “Açıq reyestrlər”nə deməkdir ?

Agentlikdən bildirilib ki, adətən müxtəlif növ əqli mülkiyyət obyektlərinə ekspertiza keçiriləndən sonra qorunma hüququ verilir və Əqli Mülkiyyət Agentliyində aparılan dövlət reyestrində yerləşdirilir. Həmin obyektlər haqqında məlumatı Agentliyin dərc etdiyi “Bülleten”dən əldə etmək mümkündür. Lakin bu iş xüsusi bilik və təcrübə tələb edir. Bu prosesi daha kütləvi etmək üçün məlumat bazası rolunu oynayan “Açıq reyestrlər”dən istifadə olunur.

Reyestrlərdə ixtira, faydalı model və sənaye nümunələrinə verilən patentlər haqqında məlumatlar toplanır. Hər bir kəs həmin bazada reyestrə maneəsiz və ödənişsiz daxil olmaq imkanı əldə edəcək. Həmçinin qüvvədə olan və olmayan patentlər haqqında, o cümlədən digər lazımi məlumatlarla tanış olacaq. Patent alanlar, xüsusilə patent almaq istəyənlər üçün “Açıq reyestr” daha əlverişli informasiya bazası olacaq. Çünki hər bir patent almaq istəyən şəxs onun ixtirasına uyğun milli ixtiranın olub-olmaması barədə məlumatı əvvəlcədən əldə edə biləcək.

Həm də hər kəs bu informasiya mənbəyinin köməyi ilə qeydiyyata alınmış ixtiralar, faydalı modellər və sənaye nümunələri barədə məlumat axtarışını aparmaq, patentlərin statusunu öyrənmək, patent müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə etmək imkanı qazanacaq. “Açıq reyestrlər” informasiya resursunun tətbiqi Əqli Mülkiyyət Agentliyi tərəfindən davamlı olaraq həyata keçirilən, əlçatanlıq və şəffaflıq siyasətinin əhəmiyyətli hissəsi olacaq. Qeyd olunmalıdır ki, “Açıq reyestrlər” Əqli Mülkiyyət Agentliyində öncədən yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH)” rəqəmli informasiya sistemindən sonra şəffaflığa və əlçatanlığa doğru atılan növbəti addımdır. Reyestrlərdə olan məlumatlar Azərbaycan dili ilə yanaşı, həm də rus dilində olacaq.

Hazırda layihə test rejimindədir və tezliklə ictimaiyyətin istifadəsinə veriləcək. İkinci mərhələdə isə tez bir zamanda əmtəə nişanları üçün “Açıq reyestr” fəaliyyətə başlayacaq. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.