2 fevral – Azərbaycan Gəncləri Günü hər il ölkəmizdə müxtəlif tədbir və aksiyalarla qeyd olunur. Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olması üçün bu əlamətdar gün münasibətilə layihələr həyata keçirilir.

Xəbər verdiyimiz kimi, Gənclər Günü ilə əlaqədar 2 fevral tarixində nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” elan olunmuşdu. Biz də bu aksiya və əlamətdar gün münasibətilə paytaxtımızın bir neçə muzeyi ilə əlaqə saxlayıb tədbirlərlə maraqlandıq.

Azərbaycan Milli Xalça Muzeyində Gənclər Günü ilə bağlı “açıq qapı” aksiyası və əlilliyi olan gənclərin əl işlərindən ibarət “Sərhədsiz sənətkarlar” adlı sərgi-yarmarka keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Sərgi-yarmarkada Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin 9 istiqamət üzrə (xalçaçılıq, bədii tikmə, xovlu toxuma, muncuqlarla toxuculuq, bədii oyma, dərzilik, rəssamlıq, vitraj boya, duluşçuluq) əl işlərinin nümayişi və satışı təşkil edilib. Əlilliyi olan gənclərin istedad və bacarıqlarının təbliği, dəstəklənməsi, həmçinin onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyan sərgi-yarmarkada ümumilikdə 20 müəllifin əl işləri yer alıb.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.

***

Gənclər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində də "açıq qapı" aksiyası keçirilib. Aksiya zamanı muzeyi 500-ə yaxın yerli və xarici gənclə yanaşı, "İrəli" İctimai Birliyinin üzvləri də ziyarət ediblər. Birliyin üzvlərinə muzeyin tarixi, fəaliyyət istiqamətləri, burada nümayiş olunan zəngin mədəni irs nümunələri haqqında məlumat verilib. Onlar həmçinin hazırda davam edən "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisi ilə də tanış olublar.

***

"Açıq qapı" günündə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini paytaxt sakinləri və şəhərimizin qonaqları, habelə xarici vətəndaşlar ziyarət ediblər. Muzeydə ziyarətçilərlə üç dildə – Azərbaycan, ingilis və rus dillərində ekskursiya aparılıb.

***

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 2 fevral tarixində Milli Azərbaycan Tarixi Muzeyində də gənclər üçün “açıq qapı” olub. Yaşı 14-dən 29-dək olan şəxslərin muzeyə sərbəst girişi təmin edilib.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində də "açıq qapı" elan olunub. "Açıq qapı" günündə muzeyi və onun filiallarını 372 nəfər ziyarət edib. Əlamətdar gün münasibətilə həmçinin muzeydə “Gənclərə dəstək” layihəsi çərçivəsində həvəskar musiqiçilərin konserti keçirilib. Konsertdən əvvəl tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar. Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə tədbiri açıb.

Tədbirin aparıcısı, Bakı Dövlət Universitetinin magistri İradə Məlikzadə Gənclər Günü və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Daha sonra tədbir həvəskar musiqiçilərin konserti ilə davam edib. Konsertdə həvəskar bəstəkar Həbib Həbibov öz musiqi nümunələrini təqdim edib, pianoçu İsa Əliyev, muzeyin əməkdaşı Orxan Məmmədov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər. Gənc şairə, Azərbaycan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Nigar Arif şeirlərini söyləyib.

Sonda muzeyin direktoru Alla Bayramova konsert iştirakçılarına kompleksin nəşri olan diskləri hədiyyə edib.

***

Azərbaycan İstiqlal Muzeyində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin üzvləri, muzeyin əməkdaşları və digər qonaqların iştirak etdiyi tədbirdə Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışılıb. Çıxışlarda həmçinin idmanın və gənclər siyasətinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığı qeyd edilib.

Bədii hissədə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri bədii kompozisiyası və musiqi nömrələri ilə çıxış ediblər.

***

"Açıq qapı" və əlamətdar günlə bağlı son olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən məlumat aldıq. Bildirildi ki, “açıq qapı” günündə 100-ə yaxın gənc ziyarətçi muzeyin qonağı olub.

Gənclər Günü münasibətilə muzey tərəfindən “Ran Art Studio” emalatxanasında yetişən gəncliyin yaradıcılığa meylini artırmaq, dünyagörüşlərini genişləndirmək, təxəyyüllərini inkişaf etdirmək məqsədilə “Sənətə sərhəd yoxdur” adlı ustad dərsi təşkil edilib. Gənc rəssam Novruz Əhmədov tərəfindən keçirilən dərsdə iştirakçılara öncə qum sənətinin tarixindən, incəliklərindən danışılıb. Ardınca onlara qum üzərində bir-birindən fərqli kompozisiyalar nümayiş olunub. Həzin musiqi sədaları altında işıqlı şüşə masa üzərində qum dənələrindən hazırlanan sənət nümunələri gənclər tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar dərsdə həmçinin qum sənətinin işləmə texnikasını, animasiyaların keçid ardıcıllığını da diqqətlə izləyərək həvəslə təkrarlayıblar. Dərsin sonunda “Ran Art Studio” emalatxanası və rəssam Novruz Əhmədov muzeyin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Nurəddin Məmmədli