Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933–2006) 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) xatirə axşamı təşkil edilib.
AMM-in rəhbəri Leyla Qasımova çıxış edərək sənətkarın həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan kino tarixində mühüm rolundan söz açıb.
Rasim Ocaqovun ailə üzvləri adından çıxış edən nəvəsi Nərminə Həsənova yubiley tədbirinin Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Türkiyənin paytaxtı Ankaradan sonra Avropa mədəniyyətinin beşiyi sayılan Vyanada təşkil olunmasını yüksək qiymətləndirib.
Tədbirdə Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edən sənədli filmdən (“Baku TV”) parçalar nümayiş olunub. Filmdə operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində”, rejissor kimi quruluş verdiyi “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı arxasında”, “Park”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər ekran əsərləri barədə məlumat verilib, onun aktyorlarla iş üslubu, mövzu seçimi, çəkiliş prosesinə yanaşma tərzindən bəhs olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbir iştirakçılarına videomüraciətində Rasim Ocaqovun milli kino mədəniyyəti tarixində silinməz iz buraxdığını, onun yaradıcılıq dövrünün kino tariximizdə ayrıca mərhələ kimi səciyyələndiyini bildirib.
Rasim Ocaqovun filmlərində rol almış Xalq artistləri Şəfiqə Məmmədova və Fəxrəddin Manafov sənətkarla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Rasim Ocaqov Azərbaycan kino sənətinə dəyərli ekran əsərləri bəxş etməklə yanaşı, aktyorların püxtələşməsində müstəsna rol oynayıb və rejissorluq işində gənc yaradıcı nəsil üçün örnəyə çevrilib
Tədbir çərçivəsində AMM-də görkəmli rejissorun həyat və yaradıcılığına həsr edilmiş fotosərgi də təşkil olunub. Sərgidə Rasim Ocaqovun ekranlaşdırdığı filmlərdən kadrlar, çəkiliş meydançası və tanınmış kino xadimləri ilə fotoları nümayiş etdirilib.