Teatr-tamaşa müəssisələri ilə bağlı Ekspert şurasından gözləntilər nədir?
Bu gün teatrın məqsəd və vəzifələri, təbliğ etdiyi dəyərlər sistemi və ideya istiqamətləri barədə çox danışılır. Ki bunların da heç biri yeni müzakirə deyil. Hamımız bilirik ki, bütünlükdə dünya ölkələrində teatr və onun formalaşma prosesi təxminən eyni meyarlar üzərində gedib. Sözsüz, bu da ayrı məqamdır ki, inkişaf etmiş, yəni peşəkarlaşmış teatr bir təsisat olaraq daim yüksək mədəniyyətə malik cəmiyyət üçün xarakterik olub. Belə olduqda, deməli, teatr bütün zamanlarda maarifçi, bu fikri ideoloji buxovdan çıxarsaq, əyləndirməklə öyrədici funksionallıqda özünü göstərib. Bu xüsusda əsas meyar da mədəniyyət və onun tərkib hissəsi kimi mənəviyyatı ön plana çəkməkdir.
Sənətlə maraqlananlar yəqin son günlər Mədəniyyət Nazirliyinin bu məsələ ilə bağlı irəli sürdüyü ideyadan və onun ümumiləşmiş təzahür faktı kimi nazirlik yanında teatr-tamaşa müəssisələri ilə bağlı Ekspert şurasının yaradılmasından xəbərdardır.
Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə bir növ ictimai nəzarəti həyata keçirməlidir.
Artıq bir neçə dəfə toplaşan şura üzvləri müəyyən fikir mübadilələri edir, mexanizmlər, şuranın hüquq və vəzifələri ətrafında müzakirələr aparırlar. Doqquz nəfərdən ibarət şurada yer alan teatr sahəsindən insanların ilkin təəssüratından da aydın olur ki, belə bir təsisat, dövrün tələbi olmaqla yanaşı, həm də teatrların ümumi inkişafına, onların istehsal etdikləri məhsulların bədii keyfiyyətinə müsbət təsir göstərəcək.
***
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov rəhbəri olduğu şura və onun ilkin təyinləri haqqında danışmazdan öncə hazırkı teatr prosesinə qısa nəzər saldı: “Deməliyəm ki, bütövlükdə, milli teatrımızın tənəzzül halı yaşaması təzə xəbər deyil. Təkcə mütəxəssislərin deyil, teatral tamaşaçıların da müşahidə etdiyi proseslərin mədəniyyət sahəsi üçün də xüsusi önəm daşıyan milli maraqlara xidmət etmədiyi faktı açıq-aşkardır. Yazılmamış həqiqətlərdən biri olaraq səhnə sənətində kadr və repertuar siyasətinin fövqəladə əhəmiyyət daşıdığını nəzərə alsaq, ölkəmizdə fəaliyyət göstərən dövlət teatrlarının repertuar siyasətinə diqqətin artırılması zərurətinin məntiqi aydınlaşar və effektiv olar”.
Burada nəzarət senzura anlamında deyil
Şurada təmsil olunan Əməkdar incəsənət xadimi, teatrşünas, professor Məryəm Əlizadə isə belə bir ideyanın arzulanan olduğunu bildirdi: “Əvvəlcə onu deyim ki, əslində, nəzarət anlayışından çox uzaq olan bu şura senzor xarakteri daşımır. Teatrlarımız müstəqil fəaliyyət göstərir, yaradıcılıqla məşğul olur. Heç buna nəzarət də mümkün deyil. Hörmətli nazirimiz də bizimlə görüşündə teatr-tamaşa müəssisələrinin bugünkü vəziyyəti ilə bağlı mənzərəni elə aydın təhlil etdi ki, bu, şəxsən məni çox sevindirdi. Bizim dialoqumuz alındı və hamımız bu görüşdən məmnun qaldıq. Çünki o da bizi narahat edən məsələlərin üzərinə vurğu vurur. Bu şurada teatr xadimləri və mütəxəssisləri, bundan başqa, fərqli istiqamətlərdən mütəxəssislər təmsil olunurlar. Sosioloq, psixoloq, rəssam, ailə, qadın və uşaq problemləri ilə bağlı müvafiq qurumdan təmsilçi də var. Bu, özlüyündə məsələyə formal yox, əhatəli, miqyaslı və dərin yanaşmaya işarədir.
Əsasnamə layihəsində də məsələyə peşəkar baxış görünür. Hazırda əsasnamə üzərində hüquqşünaslarla sıx əlaqədə işləyirik. Məqsəd, təbii ki, bədii səviyyəni yüksəltmək, keyfiyyətin yüksəlməsilə müasir dövrün tələblərinə uyğun mövzuların teatr məhsuluna çevrilməsinə səy göstərməkdir. Bayağılığa qarşı olan bu şura həm də azərbaycançılıq məfkurəsini qabartmağa, diletantlıqdan xilasa çağırışdır. Bu mənada nəzarət sözü unudulmalıdır. Çünki bu şuranın məqsədi o deyil.
Repertuara sanballı əsərlər gəlməli, yeni nəsil dramaturqlarının yaradıcılığı tanıdılmalı və bununla bağlı müsabiqələr keçirilməli, seçilən nümunələr səhnəyə yol tapmalı, klassiklərdən də ən yaxşılar sıralanmalıdır. Yəni repertuar professional mövqedə olmaqla iş qurmalıdır. Bizim də məqsədimiz teatrlarımıza kömək etməkdir. Teatrlarda bir bədii platforma olmalıdır. Repertuar formalaşdırılarkən onun məqsəd və məramı da ayırd edilməlidir. Baxırıq və bəzən tələm-tələsik hazırlanıb, nazirliyə təqdim olunmuş repertuar planı görürük. Arabir sual da yaranır: bu pyes Azərbaycan tamaşaçısına nə verə bilər? Təəssüf ki, cavab da tapılmır. Bax, belə məsələlər bizim şura tərəfindən araşdırılacaq və çalışacağıq ki, repertuar siyasəti gücləndirilsin. Bir daha təkrar edirəm: qurumun əsas amalı teatrın daha da inkişafına nail olmaqdır və bilməliyik ki, bu, yüksək bədii səviyyəli dramaturgiyaya əsaslanan repertuardır. İndi əsas bunu gücləndirək. Sonra şura qarşısında daha başqa məsələlər dayanacaq”.
***
Əməkdar incəsənət xadimi, teatrşünas Aydın Talıbzadə isə məsələyə bir qədər fərqli istiqamətdən baxır və fikrini teatr-tamaşaçı münasibətinin tənzimlənməsi ilə əsaslandırır: “Ancaq bir kiçik nöqsanı diqqətinizə çatdırmaq istərdim: məncə, “teatr-tamaşa müəssisəsi” bir ifadə kimi məntiqi səslənmir; teatrda tamaşa göstərilər, tamaşa oynanılan yer isə teatr adlanar, yəni tavtologiya var burda. Görünür, bunu düzəltmək lazım gələcək.
Şuraya gəlincə, o, Azərbaycanda teatrların fəaliyyətini gücləndirməyə, tamaşaların bədii-estetik keyfiyyətini yüksəltməyə, teatr düşüncəsini kardinal şəkildə XXI yüzilə gətirməyə yardımçı olacaq, dəstək olacaq bir Ekspert şurası kimi yaradılıb. Əlbəttə ki, onun boynuna bir nəzarət funksiyası da düşür. Amma bu, heç də senzura demək deyil. Biz hamımız teatr cameəsi olaraq bir mərama xidmət eləyirik: Azərbaycan teatrı özünün bütün səhnələrində dünyanı, Azərbaycanı, dövlətçiliyimizin prioritetlərini, milli-mənəvi dəyərləri, XXI əsri, müasir insanın ekzistensial problemlərini, yaşantılarını yüksək bədii dillə, plakatçılığa, klişe ifadələrə, pafosa, yalana uymadan yansıda bilsin. Axı dünya bəşəri özündə, özünü hər şeydə görüb dərk etmək baxımından əbədi və hüdudsuzdur. Mənim üçün bir ekspert kimi, ilk növbədə, teatrın strategiyası, inkişaf konsepsiyası və bədii-estetik platforması mühümdür. Sən bu gün kimə və nə üçün lazımsan? Mən niyə axşam vaxtı bir çox maraqlarımdan imtina edib məhz teatra gəlməliyəm? Teatrın cəmiyyətə ötürdüyü mesajlar nə qədər aktualdır? Ekspert şurasının teatrlar qarşısında qoyduğu tələblər, həqiqətən, çox ciddidir. Əsas tələb repertuarın günümüzə, həyatımıza, gerçəkliyimizə, yaşantılarımıza adekvatlığıdır, yaradıcı prosesə münasibət aliliyinin bütün istiqamətlərdə təmin olunmasıdır, hədəf auditoriyanın seçilməsidir. Çünki seyrçi tamaşanın məhz yaradıcı komponentlərindən biridir. Çox danışa bilərəm, amma fikirləşirəm ki, əməl sözdən öndə olmalıdır. Bu kontekstdə düşünürəm ki, Mədəniyyət Nazirliyi son dərəcə qutsal bir aksiyaya imza atıb”.
Ekspert şurası bədii şuraların işini təkrarlamır
Teatr üzrə ekspert, ADMİU-nun müəllimi Tərlan Rəsulov məsələyə teatrlardakı bədii şuralardan başlamaqla münasibət bildirməyi üstün tutdu. Bu yerdə onu deyək ki, əksər teatrların bədii şuralarında tanınmış teatr, ədəbiyyat və incəsənət xadimləri təmsil olunurlar. Yəni həmin bədii şuralardakı əksər adlar bu sahəyə hali insanlardır. Elə isə niyə onların proseslərə real təsiri görünmür. Belə olan halda bir çoxlarında o şuralarda formal təmsil olunduğu qənaəti yaranır. Eksperti dinləyək: “Bir çox teatrlarda yaradılmış bədii şuraların formal olması barədə məndə məlumat yoxdur. Düzü, inanmıram ki, bu, hansısa bir teatr-konsert müəssisəsində olsun. Çünki siz özünüz qeyd etdiyiniz kimi, bizim mədəniyyət və incəsənət sahəsinin görkəmli nümayəndələri bu şuraların üzvləridir. Onlar hər biri öz üzərinə düşən məsuliyyəti tam olaraq anlayır və hər biri, ilk növbədə, ölkə mədəniyyətinin inkişafını düşünür. Həmin bədii şuranın üzvləri təkcə incəsənət xadimləri kimi deyil, həmçinin cəmiyyətin nümayəndələri kimi də iştirak edirlər. O ki qaldı Mədəniyyət Nazirliyi yanında yaradılan Ekspert şurasına, bu qurum heç də bədii şuraların işini təkrarlamır. Burda tamam başqa formatda iş görüləcək. Burada Mədəniyyət Nazirliyinə ümumi repertuar siyasətinin qurulması, dövlət teatrlar sisteminin tənzimlənməsi, dövlət sifarişləri ilə quruluş verilən tamaşaların yaradıcı, milli ideologiya, mənəvi dəyərlər baxımından lazımi tələblərə cavab verməsi barədə mütəxəssis rəylərinin, tövsiyələrin verilməsi nəzərdə tutulur. Şura öz işinə yenicə başlayıb. Hər hansı bir nəticə və ya fikir demək tezdir. Amma bircə onu qeyd edə bilərəm ki, teatr sahəsi ilə bağlı atılan istənilən addım, görülən iş bu sahəni inkişaf etdirəcək”.
***
Fikirlərdən o da görünür ki, bu məqamda teatr sosiologiyasına da böyük ehtiyac var. Bu gün teatr həm də tamaşaçısının kim olduğunu bilməlidir. Yəni öyrənməlidir ki, onu nə maraqlandırır? Bu gün cəmiyyət, dövlət üçün, vətəndaş üçün maraqlı olan hansı mövzulardır və onlar bizim milli-mənəvi dəyərlərimiz kontekstində səhnədən tamaşaçı salonuna necə ötürülür? Hansı repertuar sayəsində ötürülür? Bütün bunlar çox vacib məqamlardır.
O da aydın görünür ki, şura qarşısında çox ciddi tələblər qoyulub və inanaq ki, peşəkarların bir araya gəldiyi bu platforma işin öhdəsindən gələcək.
Öz işinə repertuara baxışla başlayan şura, yəqin ki, gələcəkdə teatrın digər bədii problemlərinə də nəzər salacaq, sənət ocaqları ilə birgə onların bədii səviyyəsinin yüksəlməsində həmfikir kimi fəaliyyət göstərəcək.
Necə deyərlər, səhnə tamaşaçısından bir pillə yuxarıdadırsa, onun təlqin elədiyi dəyərlər də o səviyyədə olmalıdır...
Həmidə Nizamiqızı