Sənət adamlarının yaradıcılıq dünyasına səyahət

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində təqdim edilən filmlər sənət insanlarının yaradıcılıq dünyasına daha dərindən bələd olmaq imkanı yaradır.

Filmlərin nümayişi şənbə və bazar günləri muzeyin kinozalında keçirilir. Layihənin ilk təqdimatında – 3-4 fevralda rejissor Şamil Nəcəfzadənin “Üfüqü ötənlər” filmi nümayiş olunub. Tammetrajlı bədii-sənədli ekran əsəri yaradıcılıqları və yaşadıqları tale ilə yaddaşlara həkk olunan beş avanqard rəssamın – Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyev haqqındadır. 2011-ci ildə “Yaddaş” studiyasında istehsal edilmiş filmin ssenari müəllifi Sara Oğuz Nəsirova, operatoru Nizami Abbas, prodüseri Cavid İmamverdiyev, koordinatoru Şirin Məlikovadır.

Qeyd edək ki, “Muzeydə kino” layihəsi hər həftə yenilənəcək proqramla sizlərin görüşünə gələcək. Bu həftəsonu tamaşaçılar Xalq rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığından bəhs edən “Rəssam ömrünün palitrası” (2006, rejissor Mübariz Nağıyev) və “Maestro Niyazi” (1975, rejissor Rauf Nağıyev) filmlərini izləyə biləcəklər.

Lalə Azəri