Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı  ilə 1-3 fevral tarixlərində Azərbaycan Gəncləri Gününə (2 fevral) həsr olunmuş 10-cu “Gəncliyin səsi” festivalı keçirilib.

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində (BMM) festivalın açılış mərasimi olub.

Qonaqlar mərkəzin foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dizayn fakültəsində geyim dizaynı üzrə təhsil alan tələbələrin “Tomris sorağında” adlı moda kolleksiyası ilə tanış olublar.

Sonra BMM-in zalında festivalın ilk konsert proqramı təqdim edilib. Ənənəvi saz havaları, bəstəkar yaradıcılığında istifadə olunan, eləcə də pianoda improvizə edilmiş aşıq musiqiləri maraqla qarşılanıb. Bununla yanaşı, müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa olunub.

Proqramda ADMİU, bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Humanitar Kollec, Azərbaycan Milli Konservatoriyası, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin müəllim, tələbə və şagird heyəti öz ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.

 

Filarmoniyada musiqi axşamı

 

Festivalın daha bir konserti fevralın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib. Əvvəlcə gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxış olub.

Musiqi axşamında gənc bəstəkarların diplom işləri olan musiqi əsərləri səsləndirilib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Mustafa Mehmandarov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solistlər Nigar Əsgərova (soprano), Rauf Məmmədzadə (bariton), Ümidə Abbasova (violin), Xəyal Əliyev (akkordeon) və Səxavət Məmmədov (tar) çıxış ediblər.

Proqramda Üzeyir Məmmədovun “Zaman axarı” simfoniyası (4 hissə), Nigar Süleymanın “Triptix” simfoniyası (3 hissə), Fərid Fətullayevin “Dəsgah” və Ülkər Aşurbəylinin “Tanqo hekayəti” operasından “Süita” (4 nömrə) əsərləri ifa olunub.

Bütün çıxışlar alqışlarla qarşılanıb.

 

Gənc Tamaşaçılar Teatrında “Balaca kişilər”

 

“Gəncliyin səsi” festivalı çərçivəsində fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstərilib.

Müəllif “Balaca kişilər” poemasını 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə qələmə alıb, sonradan əsəri pyesə çevirib. Tamaşanın premyerası 2023-cü ilin may ayında olub.

Düşmənin postunu ələ keçirən xüsusi təyinatlı qüvvələrin döyüşçüləri yeni mövqelər üçün irəli getməlidirlər. Posta nəzarət isə gənc əsgərlərə, bir də yaralı zabitə tapşırılır. Əsas hadisələr də bundan sonra başlanır...

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Rəşad Səfərov, Araz Pirimov, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, Sənan Kazımov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev ifa ediblər.