Milyardlıq filmlərdən daha biri

 

Dünyada ən çox gəlir gətirən filmlərin müəllifi kimi tanınan kanadalı rejissor Ceyms Kameronun “Avatar” silsiləsindən üçüncü ekran işinin ilkin nümayiş tarixi açıqlanıb. “Avatar 3”ün premyerası 2025-ci ildə keçiriləcək.

Qeyd edək ki, rejissorun bundan öncə çəkdiyi “Avatar 2” (“Suyun yolu”) filmi dünya prokatına çıxdığı 2022-ci ilin dekabrından bu yana 2,3 milyard dollardan çox gəlir əldə edib. Bu, Ceyms Kameronun 2 milyard dollarlıq gəlir həddini keçən üçüncü filmidir.

Bu həddi dünya kinosu tarixində ilk dəfə rejissorun 1997-ci ildə çəkdiyi “Titanik” filmi keçib. 200 milyon büdcəsi ilə dövrünün ən bahalı filmi olmuş “Titanik” dünya prokatında birinciliyi 12 il əlində saxladıqdan (təxminən 2,2 milyard gəlir) sonra yerini 2009-cu ildə Kameronun yeni filminə – “Avatar 1”ə verib. 245 milyon dollara yaxın büdcəsi olmuş bu film indiyədək prokatdan 2,9 milyarddan çox gəlir gətirib. Bu, dünya kinosu tarixində ən yüksək göstərici sayılır.