Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikası-100” adlı geniş kitab sərgisi təşkil edilib.
Kitabxanadan bildirilib ki, sərgidə rəsmi sənədlər, Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı, Naxçıvanın tarixi, arxeologiyası, folklor örnəkləri, təbiəti, ədəbi mühiti, tarixi şəxsiyyətləri, ziyalıları və sair mövzularda, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı igid oğulların qəhrəmanlığından bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayış olunur.
Sərgi 1 həftə davam edəcək.
Prezident İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli bir yol qət edib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.
***
Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış gözəl diyarı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə “Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında müxtəlif illərdə muxtar respublikaya dair imzalanan rəsmi sənədlər, Naxçıvan diyarının qədim tarixi, inzibati - ərazi vahidləri, mədəniyyət, təhsil, iqtisadiyyat, səhiyyə sahələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilir. Bazada Naxçıvan Muxtar Respublikası haqqında Azərbaycan və xarici dillərdə qələmə alınan kitabların, məqalələrin biblioqrafik təsvirləri, Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyevanın “Naxçıvanlılar Heydər Əliyevi, Ulu Öndər isə Naxçıvanı qorumuşdu...”, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin “İlham Əliyevin yeni Naxçıvan modeli”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın dövlət müstəqilliyinin Naxçıvan təməli və dərsləri” və Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovun “Moskva və Qars beynəlxalq müqavilələri müstəvisində Naxçıvanın hüquqi statusu” məqalələrinin tam mətni təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Naxçıvan - İslam mədəniyyətinin paytaxtı - 2018”, “Avtoreferatlar, dissertasiyalar”, “Notlar”, “İzomateriallar”, “Foto və videoqalereya”, “Virtual sərgi” bölmələri də mövcuddur.
“Naxçıvan Muxtar Respublikası - 100” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.