Özbəkistanın Nukus Dövlət Pedaqoji Universitetindəki Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində seminar keçirilib.

Seminarda Nizami Gəncəvi, Əlişir Nəvai və Məhəmməd Füzulinin Türk dünyası ədəbiyyatında təsirləri və Azərbaycan ədəbiyyatında türkçülük ideyaları barədə söz açılıb, fikir mübadiləsi aparılıb.

Mərkəzin direktoru Feruza Salamova seminarda tələbələrə son zamanlar Özbəkistan-Azərbaycan mədəni-ədəbi əlaqələri istiqamətində həyata keçirilmiş layihələrdən danışıb. O, mərkəzdə Azərbaycan ədəbiyyatı ilə bağlı nəşrlər haqqında məlumat verib, kitabları tələbələrə təqdim edib.

Qeyd olunub ki, mərkəzdə mütəmadi olaraq Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə dair mühazirələr, seminarlar təşkil edilir, iki xalqın ortaq dəyərlərinə həsr olunmuş açıq dərslər keçilir. Mərkəzdə Azərbaycanla bağlı yaradılan kiçik kitabxanada Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, siyasi, mədəni nailiyyətləri, Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına dair nəşrlər özbək dilinə tərcümə olunaraq oxuculara təqdim edilir.