Fevralın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Mənim Azərbaycanım” adlı konsert proqramı təqdim olundu.

Konsertdən əvvəl BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək tamaşaçıları salamladı və ənənəvi olaraq təşkil edilən açıq qapı konsertlərinin bu il birincisinin keçirildiyini dedi.

Sərhədləri bütöv, suverenliyi tam olan Azərbaycanda qalib xalq kimi yaşadığımız üçün Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə təşəkkürünü bildirən direktor konsertin vətənpərvərlik mövzusuna həsr olunduğunu dedi.

Daha sonra solistlərin ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirildi. Konsert proqramında Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Arzu Əliyeva, xanəndələr Nisbət Sədrayeva, Könül Xəlilzadə, Zümrüd Məmmədova və Sərxan Bünyadzadə çıxış etdilər.

İfaçıları Rəşad İbrahimov (tar), Təbriz Yusupov (kamança), Əməkdar artist Çinarə Mütəllimova (qanun) və Amil Mustafayev(nağara) müşayiət edirdilər.

Musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

Lalə Azəri