Dövlət Yuğ Teatrında “21:15 qatarı” tamaşasının məşqləri davam edir. Səhnə əsəri türk müəllif Toyqun Orbayın eyniadlı pyesi əsasında, iki heyətlə hazırlanır.
Birinci heyətdə Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova iştirak edirlər. Digər heyətdə isə aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov və Zümrüd Qasımovanın adı var.
Qeyd edək ki, apreldə premyerası gözlənilən tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.
Bundan əlavə, teatr növbəti dəfə Matey Vişnekin yaradıcılığına müraciət edib. Əsasən birpərdəli pyesləri ilə məşhur rumın dramaturqun “Panda ayılarının Frankfurtda rəfiqəsi olan saksofonçunun danışdığı macəraları” “Yuğ” səhnəsinə “P.A.N.D.A” kimi çıxacaq.
Hazırda oxunuş mərhələsində olan əsərə teatrın baş rejissoru Mikayıl Mikayılov quruluş verir. İki aktyorluq birpərdəli oyunda rolları Oqtay Mehdiyev və Günəş Tegin ifa edirlər.