Fevralın 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti Mübariz Tağıyevin solo konserti keçirildi.

Konsert boyu tədbirin aparıcısı Rahib Azəri görkəmli müğənninin yaradıcılığından söz açdı. İfaçının Azərbaycan estrada sənətində rolundan danışaraq səsindəki həzinliyin insanlara xoş duyğular bəxş etdiyini dedi. Qeyd olundu ki, Mübariz Tağıyevin ifa etdiyi mahnılar insanların həyat nəğmələri kimidir: “Bu musiqilər həm şad, həm də yurdun, ölkənin ən ağır günlərində xalqı qələbəyə səsləyən mahnılardır. “Qalx, qalx, ulu torpaq!”la biz Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev ətrafında birləşərək işğal acısını dəf etdik, qalib gəldik. Bu gün xalqımız Qələbə qazanmış ölkənin vətəndaşları kimi bizi daim irəli aparan qüvvənin ardınca gedir”.

Daha sonra Mübariz Tağıyev səhnəyə çıxaraq böyük sənətkar Rəşid Behbudovla 20 il çiyin-çiyinə çalışdığını dedi. O, Xalq artisti Rafiq Babayevlə bağlı da xatirələrini bölüşdü.

Azərbaycanın bütövlüyünü bərqərar edən Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən müğənni ilk olaraq “Vətən” mahnısını ifa etdi. Xalq artistinin bir-birindən parlaq ifalarının təqdim olunduğu konsert proqramı alqışlarla qarşılandı.

Musiqi axşamında Mübariz Tağıyevin sənət dostları – Xalq artistləri Cavan Zeynallı, Sərxan Sərxan, müğənnilər İlhamə Qasımova və Sabir Əliyev onunla eyni səhnəni bölüşdülər.

Lalə Azəri