Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində yubiley
Belə idi o məsəl, deyəsən: ağıllı olub dərd çəkməkdənsə, dəli ol, dərdini çəksinlər. Bilmirəm, bunu kim və hansı vəziyyətdə fikir kimi ortaya ataraq, el məsələsinə çevirib, amma düz edib. Bunu ötən həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir daha yəqin etdik. Ağıllı olmaq zülm işidir. Sadəcə, dəli olmaq həddinə gələnə qədər...
Fevralı 9-da teatrın kiçik səhnəsində rus yazıçı-dramaturqu Nikolay Qoqolun “Dəlinin gündəliyi” əsəri əsasında hazırlanmış “Bir dəlinin qeydləri” monotamaşasının 30 illiyi qeyd olundu. Əslində, tamaşa özü də bir aktyorun oyunu üçün 30 il böyük biz zamandır. Mütəmadi dəyişən tamaşaçı tələbləri fonunda formalaşan repertuarda teatrın ən qocaman səhnə aktı kimi, özü də müasir və arzulanan tamaşa olaraq qalmaq, yerli tamaşaçı, xarici festival üçün üz ağartmaq həm tamaşa, həm də aktyor üçün uğurdur. Üstəlik, quruluşçunun ustalığının mürəkkəb səhnə həllini usanmadan 30 il çiyinlərində daşımaq aktyordan böyük şövq tələb edir ki, bu da Şövqi Hüseynovda mükəmməl alınır.
İlk dəfə 1994-cü ilin oktyabr ayında Xalq artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə təqdim olunan tamaşa 30-cu yubiley nümayişində də özünün haqq etdiyi alqış payını aldı.
Nümayişdən öncə tamaşaçı qarşısına çıxan teatrın truppa rəhbəri Ələsgər Muradxanlı səhnə işinin yaranma tarixindən, qazandığı uğurlardan, festival yolundan söz açdı. 30 il Poprişin obrazını ustalıqla yaradan Əməkdar artist Şövqi Hüseynovu və yaradıcı heyəti təbrik etdi.
Yarıqaranlıq səhnədə – psixiatriya xəstəxanası palatasında kiçik dəftərxana məmurunun əzablarına tam bir saat yenidən, bu dəfə də başqa ruh qatında tamaşa elədik.
Kimimiz güldük, kimimiz də köks ötürdük. Amma sonda hamılıqla öz müdirinin qızına vurulan və bu mümkünsüz eşqdən getdikcə ağlını itirən qəhrəmana acıdıq.
Zaman-zaman “Dəlidən doğru xəbər” təəccübündə gah itlə danışan, gah özünü İspaniya kralı zənn edən, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarix qoyan məsum-ağıllı dəliyə məftun olduq.
Beləcə, tamaşa boyu böyük arzulu kiçik adamın dəlilik, daha doğrusu, onu dəli edən reallıqlar içərisində can çəkişməsini, əzablı çırpınışlarını və kədərli yalvarışlarını təəssüflə izlədik.
Tamaşa boyu ağzına və ağlına gələni üyüdüb tökən dəlinin son cümlələri 50-ni yola salan Ş.Hüseynovun yanağından süzülən yaşlara qarışıb, susqun zala buz kimi səpələndi: “Uzaqlardan yavaş-yavaş görünən bu ev mənim evimdir, yoxsa? Bəs pəncərənin qarşısında oturan qadın? Anamdır, yoxsa? Əziz anam, qurtar bu qərib oğlunu! Bir göz yaşı damlası tök və söndür ürəyimdəki yanğını! Bax, nələr çəkdirirlər balana! Məni qoynuna al, ana! Ona bu dünyada yer yoxdur artıq! Sənin balanı hər yerdən qovurlar. Əziz anam, bu yazıq balana heç bir mərhəmət göstərən yoxdur. Heç olmasa, barı sən mərhəmət et!”.
Boz və nəhəng dünyanın soyuq xəstəxana palatasında buz kimi su ilə “müalicə” olunan Poprişinin yerində olmamaq, ağ xəstə əlbəsəsində bağrı yarılan çarəsizdən qaçmaq və bu reallığın, sadəcə, indi, burada – yəni ancaq səhnədə olub-bitəcəyinə inanmaq istəyən bütün məsum insanlar kimi salondakılar da alqışı gur edib daha bir dəlidən “qurtuldular”.
İşıqlar yandı və “Çox sağ olun ki, 30 ildir bu tamaşanı və bizi belə sevgi ilə izləyib, içimizdəki sənət arzularımıza qol-qanad verirsiniz” deyən Şövqi Hüseynov göründü…
Həmidə