Gürcüstanın 2023-cü ildə beynəlxalq turizmdən əldə etdiyi gəlir rekord həddə – 4,1 milyard dollara çatıb. Bu, 2022-ci ilə nisbətən 17,3% çoxdur.
Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, 2023-cü ildə beynəlxalq turizmdən əldə olunan gəlir pandemiyadan əvvəlki 2019-cu ilin səviyyəsini də 26,2% (856,7 milyon dollar) üstələyib.
Ötən il əcnəbi vətəndaşlar tərəfindən Gürcüstana turizm məqsədi ilə 4 milyon 669 min 467 səfər olub. 2023-cü ildə Gürcüstana ən çox Rusiya vətəndaşları səfər ediblər: 1,4 milyon nəfər. İkinci yerdə Türkiyə vətəndaşlarıdır (1,3 milyon).
Qeyd edək ki, ötən il Azərbaycana turizm məqsədi ilə 1 milyon 402 min nəfər gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əcnəbi turistlər ölkədə ümumilikdə 2 milyard 439 milyon manat pul xərcləyiblər. 1 nəfər turistə düşən orta məbləğ 1 739 manat təşkil edib.
Orta hesabla ən çox pul xərcləyən ölkələr Belarus (3 249 manat), BƏƏ (2 446 manat), Qətər (2 356 manat) olub. Küveytli turistlər isə orta hesabla 2 283 manat, Səudiyyə Ərəbistanından gələnlər isə 2 280 manat xərcləyiblər.