Rusiyalı kosmonavt çəkib...

 

“Roskosmos” kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyadan (BKS), Yerdən təxminən 400 km yüksəklikdən Bakının fotolarını çəkib.

Rusiyanın TASS agentliyi tərəfindən yayılan foto-məlumatda kosmonavt məşhur şair, ötən əsrin 20-ci illərində bir neçə dəfə Bakıda olmuş və şeirlər qələmə almış Vladimir Mayakovskidən sitat gətirib: “Bakı. Küləklər şəhəri. Qum gözünüzə tüpürür. Bakı. Odlar şəhəri. Alovlu Balaxanı”.

Qeyd edək ki, eyni zamanda TASS agentliyinin xüsusi müxbiri olan Oleq Kononenko daha əvvəl Ankara, Nyu-York və Qahirənin kosmosdan fotoşəkillərini paylaşıb.

Üst-üstə beş missiya ilə (ilk dəfə 2008-ci ilin aprelində) kosmosa uçan Oleq Kononenko həm də orbitdə ən çox qalan kosmonavt kimi dünya rekordçusudur. 5 fevral 2024-cü il tarixində o, BKS-də ümumilikdə 879-cu gününü tamamlamaqla bu rekordun sahibi olub.

Beləliklə, o, daha öncə beş missiya üzrə (1998–2015-ci illərdə) kosmosda 878 gün qalan əvvəlki rekordçu rusiyalı kosmonavt Gennadi Padalkanın nailiyyətini üstələyib.

2023-cü ilin sentyabrından BKS-də olan Kononenkonun bu ilin sentyabrında Yerə qayıtması nəzərdə tutulub. Artıq 5 iyunda isə o,  kosmosda 1000 gün keçirən ilk insan kimi tarixə düşə bilər. Yeri gəlmişkən, O.Kononenko iyun ayında həm də kosmosda 60 illik yubileyini qeyd edəcək.

 

Türkiyə ikinci astronavtı kosmosa göndərməyi planlayır

 

Bu arada Türkiyənin ilk astronavt Alper Gezeravcının da daxil olduğu “Ax-3” kosmik heyəti Yerə qayıdıb.

Yanvarın 19-da “SpaceX” şirkətinin “Dragon” kosmik gəmisində ispan, italyan və isveçli astronavtlarla – 4 nəfərlik heyətlə kosmosa uçan “Ax-3” heyəti yanvarın 20-də BKS-dəki 7 nəfərlik qrupa (rus, amerikalı, yapon və danimarkalı astronavtlar) qoşulmuşdu.

Alper Gezeravcının BKS-də 14 gün qalacağı və fevralın 3-də Yerə qayıdacağı nəzərdə tutulsa da, “Dragon”un enəcəyi Kaliforniyadakı hava şərtləri üzündən bir neçə gün ertələndi. Nəhayət, 7 fevralda içində Alper Gezeravcının da olduğu “Dragon” kosmik gəmisi BKS-dən ayrıldı və fevralın 9-da Yerə endi.

Aprel ayında isə Türkiyənin ikinci kosmik missiyasının həyata keçirilməsi planlaşdırılır. Bu barədə məlumatı Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbəri Yusuf Kıraç açıqlayıb.

İkinci kosmik missiyaya astronavt Tuva Cihangir Atasever göndəriləcək. Əslən azərbaycanlı olduğu bildirilən Atasever həmkarı Gezeravcı ilə birlikdə Türkiyənin ilk astronavt namizədləri olublar. Onlar ötən ilin aprelində adları açıqlanandan sonra ABŞ, Yaponiya, Almaniya və Türkiyədə təlim keçmişdilər. Nəticədə missiya üçün ilk astronavt olaraq Gezeravcı seçilmişdi.