Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Direktorlar Şurasının ilk iclası keçirilib.

AMEA-dan bildirilib ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, direktor müavinləri və aidiyyəti şəxslər iştirak ediblər.

İsa Həbibbəyli şuranın ilk iclasının əlamətdar dövrə təsadüf etdiyini, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunduğu bir şəraitdə keçirilən prezident seçkiləri ilə ölkəmizin yeni tarixi dövrə qədəm qoyduğunu bildirib. Diqqətə çatdırıb ki, hazırda qarşımızda duran başlıca vəzifə, Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində söylədiyi kimi, gələcək dövr üçün milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsində aktiv iştirak etmək olmalıdır. Bu xüsusda alimlərimizin üzərinə böyük məsuliyyət düşür.

Akademik bu istiqamətdə AMEA-nın Rəyasət Heyətində ilkin müzakirələrin aparıldığını və elmi müəssisələrdə də müzakirələrin keçiriləcəyini bildirib. Qeyd edib ki, AMEA-da idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr arasında qarşılıqlı əlaqələrin yaradılması, birgə elmi və elmi-texniki tədbirlərin təşkili, əmək intizamının tənzimlənməsi məqsədilə Direktorlar Şurası yaradılıb.

İclasda Direktorlar Şurasının əsasnamə layihəsi müzakirəyə çıxarılıb və təsdiq olunması üçün AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ müzakirə olunub. Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad edilib.

AMEA-nın vitse-prezidentləri – akademik Rasim Əliquliyev və akademik Gövhər Baxşəliyeva, həmçinin AMEA-nın müxbir üzvü Musa Qasımlı, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

 

Füzulinin 530 illiyi ilə bağlı hansı işlər görüləcək?

 

AMEA Humanitar Elmlər Bölməsi Elmi şurasının da cari ildə ilk iclası keçirilib.

Şuranın sədr müavini akademik Teymur Kərimli İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası ilə bağlı elmi-tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla hazırlanmış tədbirlər planını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bildirib ki, il ərzində Ədəbiyyat İnstitutu tərəfindən “Şərq poeziyasının Məhəmməd Füzuli zirvəsi” adlı elmi konfransın, Dilçilik İnstitutu tərəfindən “Məhəmməd Füzulinin dili” adlı elmi sessiyanın, Əlyazmalar İnstitutu tərəfindən “Məhəmməd Füzuli: sələflər və xələflər – Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVIII respublika elmi-nəzəri konfransının, eləcə də Folklor İnstitutu tərəfindən “Füzuli və Şərq folkloru” və Memarlıq və İncəsənət İnstitutu tərəfindən “Füzuli dünyası Azərbaycan incəsənətində” adlı respublika elmi konfranslarının keçirilməsi nəzərdə tutulub.

O həmçinin Məhəmməd Füzulinin 530 illiyi münasibətilə institutlar tərəfindən akademik Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, “Sənətkarın elmi pasportu” seriyasından “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı, Stanislava Plyaskovitsk-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli”, “Məhəmməd Füzuli – 530” biblioqrafiyası, M.Füzulinin dili haqqında məqalələr toplusu və “Görünməyən Füzuli” monoqrafiyasının yenidən işlənilmiş formatda nəşrinin hazırlanacağını bildirib.

Bundan başqa, dahi Azərbaycan mütəfəkkiri Füzuli haqqında nəşr olunmuş kitablardan ibarət sərgi təşkil olunacaq, şairin Əlyazmalar İnstitutunda qorunan əsərlərinin əlyazmalarından ibarət sərgi ictimaiyyətə təqdim ediləcək.

İclasda, həmçinin Humanitar Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində böyük yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin 155 illiyinin qeyd edilməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Həmid Araslının 115 illiyinə həsr olunan elmi sessiyanın keçirilməsi və institutlarda Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi, yazıçı-publisist Əli bəy Hüseynzadənin 160 illiyi ilə bağlı tədbirlərin təşkilinə dair qərarlar qəbul olunub.