Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir.
Prezident İlham Əliyev bu sözləri fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur.
Prezident vurğulayıb ki, 7 fevral seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”.
“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”, – deyə İlham Əliyev bildirib.
Dövlətimizin başçısı deyib ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”, - deyə Prezident qeyd edib.