Dövlət başçısının sərəncamı ilə Azərbaycanda elan olunan  “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilir.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər üçün debat təlimi keçirilib. Təlim Quba-Xaçmaz RGİİ-nin Siyəzən rayonu üzrə sektoru, Quba-Xaçmaz RTİ-nin rayon üzrə sektoru ilə birgə təşkil olunub. Yeniyetmə və gənclərə ekoloji tərbiyənin aşılanması, ekoloji maarifləndirmə, debat mədəniyyətinin təbliği məqsədi daşıyan təlim zamanı iştirakçılara debatla bağlı müxtəlif mövzular haqqında ətraflı məlumat verilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

***

Şəki Olimpiya İdman Kompleksində Şəki-Zaqatala RMİ, Şəki-Zaqatala RGİİ-nin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mədəniyyət işçiləri arasında futzal turniri keçirilib. Turnirdə Şəki Uşaq incəsənət məktəbi, şəhər 2, 3 və 4 nömrəli uşaq musiqi məktəblərinin şagirdləri iştirak ediblər. Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbi turnirin qalibi olub. Komandalar fəxri fərman, kubok və medallarla təltif ediliblər.

***

Ağstafa rayon MKS-nin Uşaq şöbəsində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar məktəbli oxucularla birlikdə “Dünya yaşıl olanda” adlı dəyirmi masa keçirilib.

Nurəddin