Bakıdakı Rus Evində “Azərbaycan və Rusiya xalqlarının dostluq klubu” çərçivəsində tanınmış sirk ustası, 50-dən çox sirk proqramının təşkilatçısı Allahverdi İsrafilov ilə görüş keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, tədbir Bakıdakı Rus Evi və Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
Görüş zamanı məşhur sirk artisti Monte-Karloda və Sankt-Peterburqdakı Beynəlxalq Paytaxt Sirkləri Festivalında qazandığı Qran-Pri barədə təəssüratlarını bölüşüb, gənclərin suallarını cavablandırıb. Sirk ustasının iri heyvanların çıxışları zaman təhlükəsizlik texnikası üzrə hansı tədbirlərin görüldüyü barədə fikirləri də maraqla qarşılanıb.
Allahverdi İsrafilov həmçinin Bakı Dövlət Sirkinin yaxın vaxtlarda tamaşaçılar üçün hazırladığı proqramlardan bəhs edib.