Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 10 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Təbriz Xəlilbəylinin 60 illik yubileyi ilə əlaqədar "Vətən fədaisi" adlı söhbət keçirib.

Tədbirdə şagirdlərə şəhid qəhrəmanın həyatı və döyüş yolu haqqında məlumat verilib. Təbriz Xəlilbəylinin Qarabağ hadisələrinin ilk günündən cəbhəyə getmək istəyindən, torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.

Qeyd edək ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakıda, Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) kütləvi tamaşalar üzrə rejissor ixtisasında təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib. Ermənilərin torpaqlarımıza qarşı işğalçılıq müharibəsi başlayanda, 1991-ci ilin sonlarında könüllü olaraq cəbhəyə gedib. Təbriz qısa döyüş yolu keçsə də, cəsur döyüşçü kimi tanınır. 1992-ci il yanvar 31-də qəhrəmancasına şəhid olub, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Respublika Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.