Ekspert şurasının iclasında 95 obyekt müzakirəyə çıxarılıb

 

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclası keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxış edərək bildirib ki, iclas ölkə üzrə tarix, memarlıq və dekorativ-tətbiqi sənət əlaməti olan 95 obyektin daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq addımların müzakirəsi məqsədi daşıyır.

Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan tarix, memarlıq və dekorativ-tətbiqi sənət əlaməti daşıyan obyektlər barədə məlumat verib. Qeyd edib ki, müvafiq siyahıya daxil edilməsi üçün müzakirəyə çıxarılan mədəni irs dəyərinə malik obyektlər işğaldan azad edilmiş ərazilərdə və Bakı şəhərində yerləşir.

Şura üzvlərinin müzakirəyə çıxarılan məsələlərlə bağlı fikir və təklifləri dinlənilib.

Üzvlərin yekdil qərarı ilə öncə işğaldan azad olunmuş ərazilərdə Dövlət Xidməti tərəfindən aparılan monitorinq və inventarlaşma işləri nəticəsində aşkar olunmuş obyektlər müzakirə olunub.

Ağdam rayonunun Əlimədətli, Boyəhmədli, Qızıl Kəngərli, Eyvazxanbəyli kəndlərində yerləşən türbələrin, Kəngərli kəndində yerləşən körpünün, Şahbulaq, Abdal və Gülablı kəndlərində yerləşən məscidlərin, Ağdam şəhəri və Gülablı kəndindəki hamamların dövlət mühafizəsinə götürülməsi üçün müvafiq addımların atılması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Ekspert şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Şurada Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.