Bu dəfə Fikrət Əmirovun vəfatının 40-cı ildönümü ərəfəsində

 

Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin növbəti nümayişləri olub.

Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin quruluş verdiyi balet 13, 14, 17 fevral tarixlərində Neva sahilində sənətsevərlərə təqdim edilib. Qeyd edək ki, Fikrət Əmirovun ölməz sənət incisi Eldar Əliyevin quruluşunda artıq neçə illərdir Sankt-Peterburqun Mariinski Teatrında, teatrın Primorsk səhnəsində (Vladivostok), eləcə də digər şəhərlərdə uğurla nümayiş olunur.

Bu dəfə Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev idarə edib. Tamaşaların birində ilk dəfə Şəhriyar rolunu Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edib. Şəhrizad partiyasını Mariinski Teatrının solisti Renata Şakirova, eləcə də Mariinski Teatrının Primorsk səhnəsinin truppasında yer alan yapon balet artistləri Arina Haqase və Saki Nisida oynayıblar.

Fikrət Əmirovun əsrarəngiz musiqisi, səhnə ustalarının təkrarsız ifası Rusiyanın Şimal paytaxtının sənətsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Üçüncü tamaşadan sonra gecədə fəxri qonaq qismində iştirak edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Macarıstanın baş konsulu Viktor Sederkenyi və Tacikistanın baş konsulu Xomidcon Nəzəri səhnə arxasına gələrək xoreoqraf Eldar Əliyevi, dirijor Əyyub Quliyevi və teatrın solistlərini uğurlu çıxışları münasibətilə təbrik ediblər.

Sultan Qasımov dahi Fikrət Əmirovun əsərinin yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində ifa edilməsini mədəni əlaqələrin inkişafında mühüm hadisə adlandırıb, Mariinski Teatrının rəhbərliyinə və yaradıcı kollektivinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Fikrət Əmirovun “Min bir gecə” nağıllarının motivləri əsasında (libretto: Maqsud və Rüstəm İbrahimbəyovlar) yaratdığı baletin premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub. Dünya balet sənətinin incilərindən olan əsər indiyədək bir çox teatrların repertuarını bəzəyib.

“Min bir gecə”nin Sankt-Peterburq səhnəsində budəfəki nümayişləri dahi bəstəkarın xatirə günü ərəfəsinə təsadüf etməsi ilə də əlamətdar olub.

Fevralın 20-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirovun (1922–1984) vəfatının 40-cı ildönümü tamam oldu...