Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

Prezident İlham Əliyev bu sözləri fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, hər dəfə olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı deyib: “Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Prezident Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında iki dövlətin qardaş əlaqələrini vurğulamaqla bərabər, bu münasibətlərin regionda sülh və əmin-amanlıq üçün əhəmiyyətini diqqətə çatdırıb.

“Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, prezidentlərin mətbuata bəyanatından öncə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşləri keçirilib.

Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri də imzalanıb.