Bu gün Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevin 86 yaşı tamam olur. Bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi və kollektivi sənətkarı evində ziyarət etmişdi. O zaman ustad xanəndən “Mədəniyyət” qəzeti üçün qısa müsahibə almışdıq.
Sənətkarı ad günü münasibətilə təbrik edir, qısa müsahibəsini təqdim edirik.
– Arif müəllim, özünüzü necə hiss edirsiniz?
– Şükür, indi yaxşıyam. Evdə gəzib-dolanıram. Gördüyünüz kimi, xanımım da mənə yaxşı baxır.
– Maşallah, eviniz qonaq-qaralı olur...
– Bəli, sağ olsunlar, tələbələrim, dostlarım məni tək qoymur. Tez-tez gəlib baş çəkirlər.
– İllər insana nə verir?
– Yaxşı günlər, yaxşı anlar, dostlar və s. Sevinirəm ki, gözəl illər yaşamışam. Bu illər ərzində yaxşı dostlar, sənət təcrübələri və zəngin xatirələrlə dolu bir ömür yaşamışam. Hərdən keçmiş illərə qayıdıram. O dövrlər də bir başqa idi. Gənc yaşlarımız... Həmin ifalarımla bugünkü ifalarım arasında xeyli fərq var. Səsim yerində olsa da, daha həmin ifalara qayıtmaq olmaz. İfa insanın həmin anda yaşadığı hiss və əhvalından asılıdır. Bir muğamı beş dəfə oxuyarsan, hər dəfə də fərqli alınar.
– Gənc xanəndələrlə bağlı fikirlərinizi öyrənmək istərdik.
– Muğam sənətimiz bu gün inkişaf edir. İstedadlı, savadlı, muğamı sevən gənclərimiz var. İstənilən zaman zəng edib məndən nəyisə soruşurlar. Hər zaman onlara lazım olan məlumatları verirəm. Öyrənmək istəyirlərsə, onlara dəstək olmalıyıq.
– İnsanın hər yaşda arzuları var. Bu gün ən böyük arzunuz nədir?
– Bir neçə dəfə demişəm, yenə də deyirəm. Ağdama getmək, Ağdamı görmək. Şükür ki, bu gün torpaqlarımız işğaldan azad olunub. Ali Baş Komandanımız İlham Əliyevin, Ordumuzun sayəsində biz qalib xalq kimi fəxr edirik. Fikrim hər an Ağdamdadır. Arzum budur ki, orada evimi bərpa edim, alınsa, ev-muzeyimi yaradım. Deyirlər, inşallah, olacaq.
***
Qocaman sənətkarı çox yormamaq üçün daha sual vermirəm. Çünki həvəslə illər əvvəl idarə etdiyi el şənliklərindən olan videoyazılara baxır, arada bəzi məqamları qonaqlar üçün aydınlaşdırır. İfasını, muğamlarımızı, hətta musiqiyə dəyər verən insanları da yada salır. Büruzə verməsə də, arada kövrəldiyini də hiss edirəm. Bu gün isə yenidən ustad sənətkara zəng vurub təbrik edirəm. Redaksiyamızın kollektivimizə salam söyləyərək deyir: “Dövlətimizə, xalqımıza minnətdaram ki, məni unutmurlar. Səhər açılandan telefon susmur. Diqqətə və sevgiyə görə Allah hamınızdan razı olsun”.
Lalə Azəri