Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi (RMİ) və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının (GDF) təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində keçirilən “Musiqi paradı” başa çatıb.
Dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin əsərlərindən ibarət aksiya 14-16 fevral tarixlərində gerçəkləşib. Layihənin sonuncu günü “Gəncə Mall”da Göygöl, Samux, Goranboy və Dəliməmmədlidə fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri görkəmli bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
GDF-nin Urban Mərkəzində “Musiqi paradı”nın bağlanış mərasimində çıxış edən layihənin ideya müəllifi və bədii rəhbəri, filarmoniyanın direktoru Əməkdar artist Ramil Qasımov layihənin Gəncənin mədəni həyatında hadisəyə çevrildiyini deyib. Bildirib ki, filarmoniya bu qəbildən layihələri davam etdirəcək.
Bədii hissədə GDF-nin kamera orkestrinin müşayiəti ilə Qara Qarayevin əsərləri səsləndirilib. Bağlanış mərasimində həmçinin uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri şagirdlərinin əsərlərinin sərgisi də təşkil olunub.
Xatırladaq ki, layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış bir mədəniyyət və incəsənət xadimimizə həsr olunacaq.