Mədəniyyət Nazirliyində Xorvatiya nümayəndə heyəti ilə görüş
Mədəniyyət naziri Adil Kərimli fevralın 19-da ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətini salamlayan nazir Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından danışıb. Bildirilib ki, iki ölkənin rəhbərləri arasında mövcud səmimi münasibətlər geniş spektrli faydalı əməkdaşlıq üçün zəmin yaradıb.
Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Nazir bu il mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Xorvatiya tərəfinin bu mötəbər tədbirdə iştirakından məmnun olacağımızı deyib.
Frano Matuşiç Xorvatiya ilə Azərbaycanın uzun illərdən bəri səmərəli iqtisadi-ticari əlaqələrə sahib olduqlarını diqqətə çatdırıb. Bildirib ki, xalqlarımızın yaxınlaşması, tarixi-mədəni mirasımızın tanıdılması üçün qarşılıqlı mədəniyyət layihələrinin həyata keçirilməsi zəruridir.
Söhbət zamanı Azərbaycan-Xorvatiya birgə Hökumətlərarası Komissiyasının Bakıda keçiriləcək növbəti iclası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov da iştirak ediblər.
Sonda xatirə şəkli çəkdirilib. Xorvatiya nümayəndə heyətinin rəhbərinə Azərbaycan tarı hədiyyə edilib.
Qeyd edək ki, Frano Matuşiç özü də peşəkar musiqiçi, gitara ifaçısıdır. Zaqreb Musiqi Akademiyasını bitirib. 2004-cü ildə ölkə parlamentinin deputatı seçilənədək musiqiçi və pedaqoq kimi fəaliyyət göstərib, Dubrovnik Bələdiyyəsində mədəniyyət üzrə məsul şəxs olub. 2015-ci ildən hökumət işinə – əvvəl Turizm Nazirliyinə, daha sonra Xarici və Avropa İşləri Nazirliyinə keçib.
***
Fevralın 19-da Bakıda Azərbaycan və Xorvatiyanın müvafiq nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiç rəhbərlik ediblər.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.