21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). Bu gün 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində əlamətdar günə həsr olunmuş “Mənim ana dilim – mənim kimliyim” adlı ədəbi-bədii tədbir keçirilib.
Muzeyin direktoru akademik Rafael Hüseynov Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Hazırda dünyada 7 mindən çox canlı dilin mövcud olduğunu söyləyən direktor onlardan bəzilərinin geniş yayılmasının səbəbinin bu dilin vətəni olan ölkələrin imperiya keçmişi ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, müxtəlif dillər dünyadakı mədəniyyətlərin ifadəsidir. Dil məhv olarsa, onlarla birlikdə bütöv bir mədəniyyət də məhv olar.
Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan dili tarixən həm zəngin inkişaf yolu keçib, həm də müəyyən vaxtlarda ciddi təsir və təzyiqlərə məruz qalıb. Dilimizin inkişafına dövlət səviyyəsində ilk qayğı Cümhuriyyət dövründə göstərilib. Bildirilib ki, təhsil sisteminin milli zəmin əsasında qurulmasında 1918-ci il iyunun 27-də Azərbaycan (türk) dilinin dövlət dili elan olunması və avqustun 28-də məktəblərin milliləşdirilməsi haqqında qərarın qəbul edilməsinin mühüm əhəmiyyəti olub.
Akademik XX əsrin ikinci yarısında ana dilimizin öz qüdrətini qorumasında, işlək dilə çevrilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Vurğulayıb ki, onun ana dilimizə həssas münasibəti Prezident İlham Əliyevin apardığı dil siyasətində də davam etdirilir.
Bədii hissə ilə davam edən tədbirdə Bakı şəhər 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri “Ana dilim” mövzusunda şeirlər səsləndiriblər. Məktəblilərin ifasında musiqi nümunələri də təqdim olunub.