AMEA Humanitar və İctimai Elmlər bölmələrinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 15-16-da “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Elmi konfrans Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər çərçivəsində təşkil ediləcək.
Bu barədə AMEA-nın Şərqşünasliq İnstitutundan məlumat verilib.
Təşkilat Komitəsi konfransda iştirak üçün tezis qəbulunu elan edir. “Cəmii-lisanə qadir” Füzulinin poetik irsi və ədəbi məktəbinin tədqiqinə həsr olunmuş mövzuları əhatə edən məruzələrin tezisləri konfransda iştirak üçün təqdim oluna bilər.
Tezislər Azərbaycan, türk, ərəb, ingilis və ya rus dillərinin birində A4 formatda, 14 ölçülü hərflərlə, 1 intervalla, “Times New Roman” şriftində fuzuli_530@mail.ru elektron ünvana qəbul edilir. Tezislər martın 25-dək qəbul olunur. Qəbul olunan tezislər barədə martın 30-da elan ediləcək. Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumatı “orientalstudies.az” saytından almaq olar.
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.