Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-dan bildirilib ki, Filologiya fakültəsinin dekanı Könül Həsənova tədbirdə ana dilini qorumağın vacibliyindən danışıb. O, dilin hər bir insanın mənəviyyatını qoruyan başlıca amil, ananın övladına əmanət etdiyi dili qorumağın hər birimizin borcu olduğunu diqqətə çatdırıb.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxışında Ümummilli lider Heydər Əliyevin fikirlərindən sitat gətirərək hər bir vətəndaşın öz ana dilini bilməsinin vacib olduğunu deyib. Dilimizin zənginliyindən, bədiiliyindən bəhs edən Mahirə Hüseynova vurğulayıb ki, çox dil bilmək gözəldir, amma ana dilini mükəmməl bilmək daha gözəldir.

Daha sonra dahi şəxsiyyətlərin ana dili, türk dili haqqında söylədiyi kəlamların səsləndirildiyi videoçarx nümayiş olunub.

ADPU-nun Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının professoru Vaqif Qurbanov ana dilimizin inkişafı tarixindən, F.Köçərlinin, M.Mahmudbəyovun ana dilimizin inkişafı naminə fəaliyyətindən söz açıb.

Tədbirdə “Meh” ədəbi dərnəyinin üzvləri çıxış ediblər. Dərnəyin üzvləri, həmçinin Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnəcik göstəriblər.

ADPU-nun əcnəbi tələbələri də tədbirə rəng qatıblar. Onlar Azərbaycan dilinə sevgilərini şeirlər, bayatılar səsləndirərək bildiriblər. Əcnəbi tələbələrin söylədiyi

Səs yayılıb hər yana,
Yolun yaxın, ay ana.
Tezliklə gedəcəksiz,
Qərbi Azərbaycana! – bayatısı tədbir iştirakçıları tərəfindən coşqu ilə alqışlanıb.

Sonda ADPU-nun rektoru professor Cəfər Cəfərov ölkə elm və təhsilində xidmətləri olan bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.