Fevralın 20-də görkəmli teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzun (1955–2023) vəfatının birinci ildönümü tamam olub.
Bu münasibətlə sənətkarın uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi Ramiz Novruzun məzarını (“Qurd qapısı” qəbiristanlığı) ziyarət ediblər.
Teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə aktyorun zəngin sənət yoluna nəzər salıb, onun milli teatr və kinomuzdakı özünəməxsus yerindən danışıb. Deyib ki, aktyor hər bir obraza fərqli ifa manerası qatıb, səhnədə olduğu kimi, ekran əsərlərində də parlaq oyun nümayiş etdirib. Onun xatirəsi tamaşaçılarının yaddaşında yaşayacaq.
Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1981-ci ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb.
Görkəmli aktyor “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov rolu ilə geniş tamaşaçı rəğbəti qazanıb, “Cavad xan”, “Cavid ömrü” və s. filmlərdə də yaddaqalan obrazlar yaradıb.