Mart ayının 8-də və 9-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında yeni tamaşanın premyerası olacaq. Fransız dramaturqu, aktyor və rejissoru Rober Tomanın (1927–1989) “Səkkiz sevən qadın” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Raulya Türkkandır.
1958-ci ildə yazılsa da, ailədə ünsiyyət və nəsillərin münaqişəsi probleminin satirik araşdırması olan ekspressiv pyes hələ də maraqla baxılır.
… Səkkiz qadın Miladı qeyd etmək üçün şəhər kənarındakı evə yığışır ki, bayrama hazırlaşsınlar. Amma gözlənilməz hadisə baş verir – ev sahibinin kabinetində onun kürəyinə bıçaq saplanmış cansız bədəni tapılır.
Polisin gəlişilə aləm bir-birinə dəyir; səkkiz qadının hər biri qətli törətməkdə şübhəli sayılır. Bəs sonra nələr baş verir? Bütün olanlardan xəbər tutmaq üçün tamaşaya baxmaq lazımdır...
Tamaşada Xalq artisti Lüdmila Duxovnaya, Əməkdar artistlər İnna İmranova, Həcər Ağayeva, Milaana Sokolenko, eləcə də Səbinə Asim, Səma Vəliyeva, Samirə Rüstəmova, Aylin Türkkan, Rumiya Ağayeva, Tamilla Abutalıbova rol alıblar.
Tamaşanın dekor və geyim üzrə rəssamları Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov və Olqa Abbasova, işıq üzrə rəssamı Kərim Əsgərovdur. Musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafik həll Əməkdar artisti Nigar Rzayevaya məxsusdur.